Xızı rayonu Azərbaycanın Quba-Xaçmaz adlanan regionunda yerləşir. Respublikanın ən gözəl qoruqlarından biri olan "Altıağac" qoruğu Xızı rayonunda yerləşir.
Yaşma yasaqlığı da Xızı rayonunun ərazisində (Sumqayıt şəhərinin yaxınlığında) yerləşir. Sahəsi 4 hektara bərabər olan bu yasaqlığda su quşları ovlamaq və balıq tutmaq üçün əlverişli şərait var.
Rayonun inzibati mərkəzi Xızı şəhəridir. Bakıdan məsafəsi 104 km-dir. Buraya gələn səyyahlar, turistlər və sadəcə istirahət edənlər üçün şəhərin yaxınlığında "Cənnət bağı" adlı gözəl istirahət zonası yaradılmışdır. Bu zona dağ meşəsində, Ataçay çayının sahilində, Altıağac qoruğunun lap yaxınlığında yerləşir. Xızıdan 8 km aralıda isə "Qızılqazma" adlı daha bir istirahət zonası var.Siyəzən rayonu Azərbaycan paytaxtından şimalda, Xəzər dənizinin sahilləri boyunca yerləşmişdir.
İlkin orta əsrlər dövründə Xəzəryanı müdafiə istehkamlarının ikinci xətti buradan keçirdi (həmin istehkamların birinci xətti Dərbənddədir). Bu xətt Azərbaycanın dövləti tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Gilgilçay müdafiə istehkamı həm də YUNESKO tərəfindən "Xəzəryanı müdafiə istehkamları" kompleksində Ümumdünya mədəni abidələr irsinin siyahısına daxil edilmək üçün tövsiyə olunmuşdur.
Bir neçə kilometr uzanan qala divarları möhtəşəm Çıraqqala keşikçi qülləsində (V əsr) başa çatır.
Çıraqqala qülləsindən bir qədər aralıda yerləşən Qalaaltı kurort şəhərciyində Çıraqqala sanatoriyası diqqəti cəlb edir. Onun ərazisində müalicəvi əhəmiyyətə malik olan kükürdlü mineral su bulağı var. Bu su sidik və öd kisəsində daş olan xəstələr üçün xüsusilə faydalıdır. Sanatoriyaya gedən yol boyunca çoxsaylı kababxana, kafe və kiçik kempinqlər yerləşir. Onların əksəriyyəti yalnız yay vaxtı işləyir.
Zarat kəndinin yaxınlığında Beşbarmaq adlı digər müdafiə istehkamının fraqmentləri salamat qalmışdır. Xalq arasında bu qalıqlar Xızırzində baba adlanır. Sedan kəndinin yaxınlığında isə Dindar qalasının qalıqları diqqəti cəlb edir.
Bu regionda xalçaçılıq, ağac üzərində naxışlı oyma, xalq çalğı alətlərinin hazırlanması kimi sənətkarlıq növləri geniş inkişaf etmişdir. Rayonun mərkəzi Siyəzən şəhəri Bakıdan 103 km məsafədədir.
Siyəzəndə mehmanxana yoxdur. Ona görə də buraya gələnlər xüsusi evlərdə, ya da şəhərdən bir qədər aralıda yerləşən Çıraqqala sanatoriyasında qala bilərlər. Siyəzəndə nahar etmək istəsəniz "Görüş", "Zəfəran" və ya "Çıraqqala" restoranlarının xidmətlərindən istifadə edə bilərsiniz. Şəhər xəzər dənizinin yaxınlığında yerləşdiyi üçün bu restoranlarda ət və tərəvəz xörəklərindən əlavə geniş çeşiddə balıq xörəkləri də təklif edilir.
Bakıdan şimal tərəfdə yerləşən Şabran rayonunun şərq sərhəddi Xəzərin sahilləri boyunca uzanır.
Şabran rayonunun ərazisində dəniz sahilindən 12 km məsafədə Ağzıbir adlanan ovçuluq təsərrüfatı yaradılmışdır.Rayondakı tarix arxeoloqiya abidələrindən ən məşhuru Şahnəzərli kəndinin yaxınlığında yerləşən Şabran şəhər yeridir (5-18 əsrlər).
Gəndab kəndində Gülüstani İrəm şəhər yeri (18-19-cu əsrlər) yerləşir. Şabran rayonunda bizim eradan əvvəl 3-2-ci minilliklərə aid edilən çoxsaylı arxeoloji obyektlər tapılmışdır. Qazıntılar zamanı aşkar edilmiş materiallarla Şabran şəhərindəki tarix-diyarşünaslıq müzeyində tanış olmaq mümkündür.
Rayonun inzibati mərkəzi olan Şabran şəhəri Bakıdan 122 km məsafədə yerləşir. Yerli "Pirəbədil" və "Herat Pirəbədil" xalçaları mütəxəssislərin təsnifatına görə Quba xalça məktəbinə aiddir. Orijinal və bənzərsiz olması ilə seçilən bu xalçalar əl ilə toxunmuş xalça məmulatları həvəskarları arasında məşhurdur.
Quba rayonu Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir.
Qubanın ətrafında mənzərəli güşələr çoxdur. Qəçrəş, Balbulaq həmçinin dərinliyi 400 metrdən 600 metrə qədər olan Təngəaltı yarğanı xüsusilə populyar olub turistlərdə daha çox maraq doğurur.
Vəlvəliçay üzərindəki məşhur Afurca şəlaləsi Azərbaycanın təbii abidələrinin siyahısına daxil edilmişdir və dövlət tərəfindən mühafizə olunur. Burada öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən başqa şəlalələr də var. Bu mənzərəli yerləri turist cığırları ilə gəzib dolaşmağın özgə ləzzəti var. Dağlara tərəf qalxdıqca hündür ağaclar kollarla əvəz olunur, daha yuxarıda - Xaşiçay çayının sahilində isə dağ dərəsindəki qayalardan termal sular süzülür. Haçansa lap qədim vaxtlarda bacarıqlı sənətkarlar burada bir başa qaya süxurunda üç ədəd oyuq açaraq özünəməxsus vannalar düzəltmiş və onların kənarını daşla hörmüşlər. Buraya gələnlər həmin vannalarda kükürd-hedrogen tərkibli şəfalı isti suda çimə bilərlər. Səriştəli adamların dediyinə görə bu təbii daşdan hazırlanmış vanna suyun şəfalı təsirini daha da artırır.
Vaxtilə məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycana səyahətə gələrkən bu yerlərdə də olmuşdur. O, yolun yaxınlığında düşərgə salarkən bir qədər dincəlmək və qəlyanaltı etmək məqsədilə yaxınlıqda düşərgə salmış qubalılar onu öz tonqallarının yanına dəvət edirlər. Qubalıların qoyunu necə məharətlə kəsib təmizləmələri və Dümanı kababa qonaq etmələri ona çox güclü təsir bağışlayır. Zəmanəmizin ən böyük səyyahı sayılan norveç alimi Tur Xeyyerdal da Azərbaycana gələrkən Qubaya da getmişdir.O, belə hesab edirdi ki, "Edda" eposunda adları çəkilən "aslar" azərbaycanlıların qədim əcdadları olmuş və xalqların böyük köçürülməsi dövründə Avropanın şimalına gedib çıxmışdılar. Quba rayonunda, Qubadan 65 km məsafədə uca dağlar qoynunda (dəniz səviyyəsindən 2500 metr yüksəkliydə) yerləşən Xınalıq kəndinin əhalisi ayrıca unikal etnik qrupdur. Xınalıqlıların qədim dili dünyadakı müasir dillərin heç birinə oxşamır. Xınalıqlılar Azərbaycan dilində də danışırlar, lakin öz dillərini qoruyub saxlamışlar.
Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, ümumiyyətlə bəşər tarixində ən maraqlı etnoqrafik müəmmalardan biridir.Xınalığın yaxınlığında müqəddəs ziyarətgah yerləşir. 9-cu əsrə aid olan bu ziyarətgahda yerin altından təbii od çıxır. Buna görə də xalq arasında bu yeri Atəşgah adlandırırlar. Buduq kəndində də bənzərsiz bir etnik qrup yaşayır. Bu insanlarında çox nadir bir dili var. Daxma adlanan qədim tikili salamat qalmışdır. Zərdüştlik dövrünə aid olan və xalq arasında "Sükut qülləsi" deyilən bu qüllələr zərdüştlərin dəfn mərasiminin icrası üçün nəzərdə tutulmuşdur.
Məscid: Əbu Müslim məscidi
Quba şəhəri Qudyalçay çayının sahilində və Böyük Qafqaz silsiləsinə daxil olan Şah dağın şimal-şərq yamaclarında yerləşir.
Şəhərdə Səkinə xanım məscidi, Cümə məscidi, 16-cı əsrə aid məqbərə, qədim şərq hamamları kimi tarixi abidələr qorunub saxlanılmışdır. 18-ci əsrin birinci yarısında indiki Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisi Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli xan Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş Fətəli xan çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkarana qədərbütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvələr Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır.
Quba kiçik şəhərdir, lakin Böyük Qafqazın şimal-şərq yamaclarında yerləşən indiki Quba rayonunun ərazisi son dərəcədə mənzərəlidir və şəhərdən kənara çıxan kimi bu gözəlliklər aləminə qərq olacaqsınız. İstər azərbaycanlı istərsə də əcnəbi turistlər bu regionu heç vaxt diqqətdən kanarda saxlamırlar. Bakılılar isə, xüsusən Qubada, istirahət etmək üçün oraya öz maşınlarında gələnlər çox vaxt Qubadan Yalama dəniz sahilində, Qubadan çox da uzaqda olmayan istirahət zonasına baş çəkirlər. Yalamada (Nabran) istirahət edənlər də öz nöbəsində Xəzər sahilində istirahətin zövqünü Qubanın dağətəyi meşələrinin ləzzəti, çoxsaylı bulaqların və təbii mənzərələrin seyr edilməsi fürsətini əldən vermirlər. Quba rayonu ölkəmizin ən gözəl güşələrdən biridir. Onun paytaxta yaxın, meşə zonasının Xəzər sahilləri ilə qonşuluqda yerləşməsini, burada çoxsaylı turist bazaları və istirahət zonaları olduğunu da nəzərə alsaq bu rayon ölkənin rekreativ zonası kimi çox böyük əhəmiyyət kəsb edir.
Məscid: Hacı Cəfər məscidi
Türbə: Ağbil türbəsi
Samur-Dəvəçi ovalığının bir hissəsinin tutan Xaçmaz rayonu Azərbaycanın şimal-şərqində yerləşib şimal tərəfdən Rusiya ilə həmsərhəddir.
18-ci əsrin əvvələrində qədim şəhər-qalalardan biri - Xudat (bu sözün mənası "Allah vergisi" deməkdir), Quba xanlığının paytaxtına çevrilmişdir. Xudat şəhəri yaxınlığında yeraltı su ehtiyyatları xüsusilə çoxdur. 1914-cü ildə buradakı Şollar kəndindən Bakıya içməli su kəməri çəkilmişdir.
Rayonun bütün ərazisində neolit və tunc dövrünə aid insan məskənlərinin izləri aşkar edilmişdir. Alimlərin fikrincə, "Xaçmaz" toponimi gəlmə Hun tayfalarından olan Xaçmatak və ya Xaçmat tayfalarının adı ilə bağlıdır. Sonradan onlar yerli əhali ilə qaynayıb qarışmışdır. Maraqlıdır ki, bu qəbilələrdən biri Xaçmaz rayonunun ərazisindən indiki Oğuz rayonuna köçmüş və orada eyni adlı Xaçmaz kəndi, daha sonra Xaçmaz qalası yaratmışlar.
Bu regionda təqribən 60 yaxın tarix və mədəniyyət abidəsi salamat qalmışdır. Lakin arxeoloqların fikrincə bu cür abidələrin sayı qat-qat çox olmalıdır, çünki lap qədim vaxtlardan bu regionda əhali sıx məskunlaşmışdır. Molla Bürhan, Hülövlu, Qaracıq, Həsənqala kəndlərinin yaxınlığında tunc dövrünə aid insan məskənləri və kurqanlar, Canaxır və Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məkənləri aşkar edilmişdir. Şıxlar kəndindəki Şeyx Yusif məscidi (15-ci əsr) memarlıq-məqbərə komplekslərinin yarandığı ilk dövrlərə aiddir. Sonradan- 16-17-ci əsrlərdə bu cür komplekslər daha geniş yayılmışdır. Moruqoba, Tağaroba, Uzunoba kəndlərində 19-cu əsrə aid məscidlər, Qaraqortlu kəndində 15-ci əsrə aid məscid və mədrəsə salamat qalmışdır.
Xaçmaz rayonunun inzibati mərkəzi Xaçmaz şəhəridir. Xaçmaza gələnlər buradakı "Xaçmaz" mehmanxanasında qala bilərlər. Xaçmaz rayonunun ərazisində ölçülərinə və abadlığına görə respublikada ikinci yeri tutan istirahət zonası yerləşir. Xəzərin sahilləri boyunca Muxtadır qəsəbəsindən Nabran qəsəbəsinə və bir qədərdə uzağa doğru ərazini tutan bu itsirahət zonasında çoxlu turist bazaları və pansionatlar yerləşir.
Nabran - Xaçmaz rayonunda Xəzər dənizi sahillərində yerləşən kreativ təyinatlı ən böyük regiondur. Bu zonanın maraqlı cəhəti ondan ibarətdir ki, kiçik bir ərazidə yerləşən qumsal çimərlikdən dərhal sonra meşə başlanır. Müxtəlif turist bazaları düşərgələr, pansionatlar, istirahət evləri həmin meşədə yerləşir. Onların şəraiti çox müxtəlifdir - "Lüks" tipli rahat mehmanxanalardan, bir neçə nəfər üçün nəzərdə tutulan abad kotteclərdən başlamış çadır şəhərciklərinə qədər geniş seçim imkanı var.
Dağıstanla həmsərhədd olan Qusar rayonu Azərbaycanın şimal-şərqində Xudat dəmir yolu stansiyasından 35 km məsafədə yerləşir. Rayonun adı "Qusar" sözü vaxtilə bu ərazidə yaşamış, sonradan tarixi etnogenez nəticəsində yox olmuş "Xisar" qəbiləsinin adından yaranmışdır. İndi bu rayonda əsasən ləzgi millətinin nümayəndələri yaşayır.
Bu diyarın landşaftı meşələrlə örtülü dağların və dərələrin bir-birini əvəz etməsi ilə əlamətdardır. Faunanın ov və ov sənaye növlərinin qorunub saxlanması və onların baş sayının bərpa edilməsi məqsədi ilə "Qusar" yasaqlığı yaradılmışdır (sahəsi 15 min hektar).
Dağ dərələrində gözəl şəlalələr var. Onların ən çox populyar olanları Laza və Şahnabat şəlalələri turistləri və Qafqazın yabanı təbiətin həvəskarlarını buraya cəlb edir. Laza kəndindən Quba rayonunun Xınalıq kəndinə piyada getmək olar. Son vaxtlar piyada turizm həvəskarları məhz bu marşruta üstünlük verirlər.
Ekoloji turizm marşrutu üzrə Qusar şəhərindən Laza şəlaləsi istiqamətində piyada gedənlər Əniq kəndində düşərgə sala bilərlər. Bu kəndin yaxınlığında 13-cü əsrə aid qala divarlarının qalıqları (Əniq (Eniq) qalası) , qədim məscid binası yaxşı vəziyyətdə qalmışdır. Laza kəndinin yaxınlığında isə "Suvar" istirahət bazasında qalmaq olar.
Qusardan Suduq kəndi istiqamətində marşrutun uzunluğu 75 km-dir. Şah dağın yamaclarında Həzrə kəndində Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmail Xətainin babası Şeyx Cuneydin (16-cı əsr) məqbərəsinə tamaşa etmək olar.
Bütün Azərbaycan torpağı kimi Qusar torpağında da bu xalqın qədim mədəniyyətinin və həyat tərzinin sübutlarını görmək olar. Həzrə, Hil, Balaqusar, Ənik, Yasab, KöhnəXudat, Gündüz qala kəndlərində qədim məqbərələr, məscidlər, qədim insan məskənlərinin və qalaların qalıqları qorunb saxlanmışdır.
Qusar rayonunun inzibati mərkəzi Qusar şəhəri Bakıdan 183 km məsafədə yerləşir.