Gavalı hansı xəstəliklərə dərmandır?
27.9.2019

Tərkibi vitaminlərlə zəngin olan gavalı, həm də müalicə vasitəsi kimi insan sağlamlığının qorunmasında əvəzolunmazdır.

Bəs, hamımızın həvəslə yediyimiz gavalı hansı xəstəliklərə dərmandır?

Aqrar Universitetin Bağçılıq kafedrasının professoru Zaur Həsənov AZƏRTAC-a gavalının faydaları haqqında danışarkən bildirib ki, meyvənin tərkibində şəkər (o cümlədən monoşəkər), turşular (əsasən alma və limon turşusu), dabbaq maddələri, C, B1, B2, B9 vitaminləri, karotin və P fəal maddələr var. Meyvələrdə olan kalium duzları böyük fizioloji əhəmiyyət kəsb edir. Hər 100 qram meyvənin kaloriliyi 42 kilokaloridir.

Qurudulmuş gavalıda 50 faizədək şəkər olur. Eyni zamanda, qurudulmuş gavalı keyfiyyətini (xüsusən P vitamini) itirmədiyindən və onları uzun müddət saxlamaq imkanı olduğundan çox qiymətlidir.

Alim qeyd edib ki, müalicə vasitəsi kimi gavalının meyvələri və yarpağı istifadə olunur. Meyvələrin zəngin kimyəvi tərkibi müxtəlif qan sızmaları zamanı, həmçinin hipertoniya, ağciyər iltihabı, vərəm, revmatizm xəstəliklərinin müalicəsində çox faydalıdır. Xüsusən kaliumla zənginliyi öd və sidikqovucu xüsusiyyətlidir. Kalium, həmçinin əzələlərin yığılması, əsəb impulslarının ötürülməsi, ürək fəaliyyətinin nizamlanması və orqanizmdə turşu-qələvi tarazlığının saxlanması üçün əvəzolunmazdır.

Gavalı meyvələrində, xüsusən də tünd rəngli sortlarda sellüloza, pektin, sorbit olduğundan onlar yüngül işlədici, ödqovucu xüsusiyyətlərə malik olmaqla yanaşı, orqanizmdən xolesterini, ağır metalların duzlarını, kanserogen və radiaktiv maddələri çıxarır. Ona görə də qəbizlik, ateroskleroz və onunla bağlı xəstəliklər, xolesistit və öd daşı xəstəlikləri zamanı, həmçinin ağır metallarla zibillənən istehsal sahələrində çalışan işçilərə məsləhət görülür.

Tərkibində yüksək miqdarda kalium olduğundan gavalı meyvələri, hipertoniya və böyrək xəstəlikləri, həmçinin şişkinlik zamanı sidikqovucu kimi təsir göstərərək (artıq suyu və xörək duzunu orqanizmdən çıxarır) xəstələrin əhvalını yaxşılaşdırır.

Meyvələrdə (xüsusən də tünd rəngli) olan fitonsidlər ağız boşluğunda dezinfeksiyaedici rola malikdir. Bu barədə danışan professor bildirib ki, meyvə və şirə öd şirəsində turşuluğu azaltdığından onlardan qastrit, mədə və onikibarmaq bağırsağın xorası zamanı müalicə vasitəsi kimi istifadə olunur. Üzvi maddələr C vitamini və dəmirlə zəngin olduğundan qanazlığı xəstəliyinin profilaktikası və müalicəsi zamanı məsləhət görülür.

Lətlə birgə çəkilmiş təzə gavalı şirəsi bal ilə qarışdırılaraq mədə-bağırsaq, böyrək xəstəlikləri, revmatizm, podaqra, ürək-damar pozuntuları və qəbizlik zamanı istifadə olunur.

Gündə 1/3 - 1/2 stəkan şirə bir xörək qaşığı bal ilə yeməkdən qabaq içilir. Səhərlər acqarına içilən gavalı şirəsi orqanizmi təmizləyir.

Qurudulmuş meyvələr qanazlığı zamanı müalicəvi əhəmiyyətə malikdir.

Gavalı yarpağı irinli yaraların, gec sağalan yara və xoraların sağalması üçün də istifadə edilir.

Saglamolun.Az