Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin beynəlxalq layihələri uğurla davam edir
30.11.2018

Rusiyanın Orenburq rayonunun “Podqorodnyaya Pokrovka Mədəniyyət və Kitabxana Xidməti Mərkəzi”nin nəzdindəki modern kitabxananın müdiri Vera Filippova Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşlarına “İnteraktiv plakatların hazırlanması” mövzusunda ustad dərsi keçib.

Mərkəzi Kitabxanadan bildirilib ki, videogörüntü vasitəsilə keçirilən ustad dərsində kitabxana əməkdaşlarına kosmonavt Yuri Qaqarinin həyatı ilə bağlı materialların, fotoşəkillərin, mahnıların toplanması əsasında interaktiv plakatın hazırlanması prosesi öyrədilib.

Telekörpü zamanı “Ədəbi təqvim” şəbəkə aksiyası çərçivəsində Orenburq kitabxanasının daha bir interaktiv plakatın hazırlanması təcrübəsi ilə də tanışlıq olub. Yazıçı Vyaçeslav Şişkovun anadan olmasının 145 illiyinə həsr edilən interaktiv plakatda ədibin həyat və yaradıcılığı maraqlı formatda əks edilib.


azertag.az