Tanınmış fransız gitaraçı “Rotunda Jazz Club”da çıxış edib
29.11.2018

Noyabrın 28-də Fransanın ölkəmizdəki səfirliyinin və Fransa-Azərbaycan Universitetinin (UFAZ) dəstəyi ilə “Rotunda Jazz Club”da tanınmış fransız gitaraçı Filiqanın konserti olub.

Konsertdən əvvəl çıxış edən musiqiçi səmimi qəbula görə Bakı tamaşaçılarına təşəkkür edib və hələ ilk səfərindən qədim və gözəl Azərbaycanı sevdiyini söyləyib. Xalq musiqimiz, xüsusən tar ifası qonaqda dərin təəssürat doğurub. Filiqan deyib: “Bu gün səhnədə gitara ilə tarın sintezi səslənəcək. Əminəm ki, hamınız bu ahəngə heyran olacaqsınız”.

Qeyd edək ki, virtuoz gitaraçı Filiqan Avropa ölkələrində çox məşhurdur. Fitri istedadı sayəsində artist artıq14 yaşından səhnələri fəth edə bilib.

Bakılı tamaşaçılar musiqiçinin ifasını böyük maraqla qarşılayıblar.


azertag.az