Dövlət Arxivində “İdarə arxivlərində MAF sənədlərinin təşkili mövzusunda” seminar təşkil edilib
23.11.2018

Noyabrın 23-də Azərbaycan Respublikası Dövlət Arxivində “İdarə arxivlərində MAF sənədlərinin təşkili mövzusunda” seminar təşkil edilib.

Seminar Azərbaycan Dövlət Arxivinin MAF sənədlərinin dəyərinin ekspertizası və kompleksləşdirilməsi, idarələrdə, təşkilatlarda sənədlərin mühafizəsinin təşkilinə nəzarət şöbəsinin bu ilin iş planına əsasən keçirilib.

Seminarda “İşlərin nomenklatur siyahısının tərtib edilməsi”, “Arxiv Fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin təşkili”, “İdarə arxivlərində işlərin arxiv siyahılarının hazırlanması” mövzuları ətrafında müzakirələr aparılıb.

Milli Arxiv İdarəsinin şöbə müdiri Sevinc Tahirova müzakirə olunan mövzular barədə məlumat verib.

Bildirib ki, Milli Arxiv Fondunun tərkibinə daxil edilən arxiv sənədləri daimi mühafizə məqsədilə dövlət arxivlərinə verilənədək dövlət, idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Milli Arxiv Fondu sənədlərinin idarə arxivlərində daimi mühafizə olunduğu bildirilib.

Tədbirdə Dövlət Arxivinin aparıcı arxivçisi Aygün Bəyli Milli Arxiv Fonduna daxil edilən daimi şəxsi heyət üzrə və uzun müddət, yəni 10 ildən artıq saxlanılan sənədlər üçün arxiv sənədlərinin siyahılarının hazırlanması barədə məlumat verib.

Seminarda Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Təhsil nazirlikləri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələri çıxış edərək təmsil etdikləri qurumlarda arxiv işinin təşkili barədə məlumat veriblər.

İdarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov arxiv materiallarının elektron daşıyıcılarına köçürülməsi ilə bağlı çıxış edib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


azertag.az