Varşava döyüşü bakılı kinosevərlərin gözü ilə
23.11.2018

Noyabrın 22-də “Landmark” otelində yerləşən “Rotunda” klubunda “Visla” III Polşa Filmləri Festivalının açılışı olub. Tamaşaçılara rejissor Yeji Qofmanın “Varşava döyüşü. 1920” tarixi filmi təqdim edilib.

Polşanın ölkəmizdəki səfiri Marek Tsalka tədbiri açaraq festivalın əsas məqsədinin Azərbaycanda Polşa kinematoqrafiyasına marağın artırılması olduğunu bildirib. O qeyd edib ki, ölkələrimizi mədəniyyət sahəsindəki sıx əlaqələr bağlayır. Səfir diqqətə çatdırıb ki, “Varşava döyüşü. 1920” filmi öz Vətəninin müstəqilliyi uğrunda son damla qanlarınadək vuruşan igid polyaklara həsr edilib. M.Tsalka, həmçinin bu il Polşanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu bildirib.

Sonra “Varşava döyüşü. 1920” filminin nümayişi olub. Ekran əsərində məşhur döyüşün iki iştirakçısının – müğənni Olya (Nataşa Urbanska) və onun nişanlısı – Polşa ordusunun ulanı (nizəli süvari əsgər) Yanın (Boris Şits) sevgi hekayəsindən bəhs edilir.

Qeyd edək ki, Varşava döyüşü 1919-1921-ci illər Sovet-Polşa müharibəsinin həlledici vuruşmalarından biridir. Bu döyüşün nəticəsi Polşanın müstəqilliyini qoruyub saxlamağa gətirib çıxarıb. Film bakılı tamaşaçılarda böyük təəssürat yaradıb.

Festival çərçivəsində tanınmış polşalı rejissorların “Ədalətli”, “Şəhər-44”, “Sevgi vergisi” və digər işləri nümayiş etdiriləcək. Festival noyabrın 28-dək davam edəcək. Giriş sərbəstdir.


azertag.az