ADPU ilə Atatürk Universiteti arasında protokol imzalanıb
28.9.2018

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyənin Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı ilə görüşüb.

ADPU-dan bildirilib ki, rektor C.Cəfərov qonaqlara rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Qeyd edilib ki,1921-ci ildə yaradılan ADPU bu müddət ərzində elm və təhsilin inkişafında misilsiz xidmətlər göstərib. Hazırda universitetdə 18 minədək tələbə təhsil alır. Son illər ölkəmizdə müəllim peşəsinə maraq xeyli artıb. 2018-2019-cu tədris ilində 2090 abituriyent 500-dən yüksək bal toplayaraq müəllimlik peşəsini seçib. Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində islahatlar davam etdirilir. Son vaxtlar müxtəlif media qurumlarının nüfuzlu təhsil ekspertləri ilə birgə aparılan sosioloji sorğuların nəticələrinə əsasən ADPU təhsilin keyfiyyətinə və idarəetməyə görə qabaqcıl universitetlərdən biri olub.

Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı rəhbərlik etdiyi universitetin fəaliyyət istiqamətləri, fakültələri, tədris və elmi həyatı, professor-müəllim və tələbə heyəti, idarəetmə strukturları barədə danışıb.

Sonra ADPU ilə Atatürk Universiteti arasında “Mövlanə Mübadilə Proqramı” çərçivəsində protokol imzalanıb. Sənəddə birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi və digər məsələlər öz əksini tapıb.



azertag.az