Azərbaycanlı rəssam beynəlxalq festivalda ölkəmizi təmsil edəcək
11.9.2018

Monteneqroda keçirilən Dünya İncəsənət Oyunları çərçivəsində sentyabrın 15-dən 23-dək beynəlxalq “Oda to Life” festivalı təşkil olunacaq.

Podqorisa şəhərində keçiriləcək festivalda ölkəmizi Əməkdar rəssam Mehriban Əfəndi təmsil edəcək.

Festivala fəxri qonaq kimi dəvət alan rəssamın sözlərinə görə, artıq neçə ildir Monteneqroda keçirilən və ildən-ilə daha geniş vüsət alan bu forum 20-dən çox ölkənin sənət adamlarını bir araya gətirir. Bu il Monteneqronun Mədəniyyət, Təhsil və Turizm Nazirliyi festivala böyük dəstək göstərib. Dəvət M.Əfəndiyə Montenegronun “World Art Games” Milli Komitəsinin prezidenti Mikki Popoviçin təşəbbüsü ilə komitə tərəfindən rəsmən göndərilib. Festivala qatılan rəssamlar Monteneqroya gətirdikləri əsərləri sentyabrın 18-də sərgi zalında nümayiş etdirəcəklər.

Sentyabrın 23-dək davam edəcək festivalı konsertlər, sərgi və səyahətlə dolu bir tanıtım və dostluq əlaqələri yaradan bir sənət bayramı adlandırmaq olar.

Azərbaycanlı rəssam ilk dəfə bu sərgidə “Mirvari ulduz“ əsərini orijinal versiyada geniş dünya ictimaiyyətinə təqdim edəcək.



azertag.az