Tədqiqatçı Hüseyn Siyami Beynəlxalq “Avropa nəşr mətbuat evi”nin qızıl medalı ilə təltif olunub
11.9.2018

Azərbaycanda və İranda öz tədqiqatları ilə yaxşı tanınan Hüseyn Siyami Beynəlxalq “Avropa nəşr mətbuat evi”nin qızıl medalı və diplomu ilə təltif olunub.

Hüseyn Siyami bu mükafata qardaş xalqlarımızın mədəni irsinin araşdırılması, ölkələrimiz arasında ictimai əlaqələrin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə və digər xidmətlərinə görə layiq görülüb. Onun xidmətləri sırasında Təbrizin qədim yurd yerlərindən olan Əndəbil kəndi ilə bağlı apardığı araşdırmalar xüsusi yer tutur.

Xatırladaq ki, Təbrizin Tikmədaş kəndində dünyaya göz açan yazıçı-şair, publisist Hüseyn Siyami, eyni zamanda, gözəl şeirləri və təsirli publisistik yazıları ilə tanınır. Şeirləri bu gün ölkəsində dillər əzbəridir. O xeyli vaxtdır ki, görkəmli alim və yazıçı, əslən Təbrizin Əndəbil kəndindən olan, XX əsrin əvvəllərində Bakıya pənah gətirən Bakı Dövlət Universitetinin professoru Mir Cəlal Paşayevin keçdiyi keşməkeşli və mənalı həyat yolunu tədqiq edir. Həmçinin Mir Cəlal müəllimin doğulub boya-başa çatdığı kəndin tarixi, özünəməxsus adət və ənənələri, görkəmli şəxsiyyətləri barədə araşdırmalar aparır. Onun tədqiqatlarından məlum olur ki, monqol-tatarlara qarşı ən güclü üsyanlardan biri Əndəbildə baş verib. Bu üsyana Cəlayir tayfasından olan, Təbrizdə Səfəvilər dövlətinin qurulmasında iştirak edən Seyid Məhəmməd Cəlayir başçılıq edib.

Tədqiqatçı alim hazırda “Azərbaycan tarixində Əndəbil üsyanı” adlı kitabını çapa hazırlayır. O, tanınmış politoloq, professor Rövşən Novruzoğlu ilə birlikdə Əndəbil kəndinin dünənindən və bu günündən, Mir Cəlal Paşayevin mənsub olduğu nəslin görkəmli nümayəndələrindən bəhs edən kitab üzərində də işləyir. Hüseyn Siyami bu yaxınlarda Borucerd ostanında yaşayan azərbaycanlı yazıçıların təşkil etdikləri ədəbiyyat mərkəzinin sədri seçilib.

Ona verilən laureat diplomunda oxuyuruq: “Beynəlxalq Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə Azərbaycan-İran arasında mədəni, ictimai-siyasi əlaqələrin qorunub saxlanılmasında səmərəli fəaliyyətinə, Azərbaycan-İran xalqlarının ədəbiyyatı, folklor yaradıcılığı, musiqisi irsinin tədqiqi sahəsində dəyərli elmi araşdırmalarına, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, torpağına-vətəninə sonsuz sevgisinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, filologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə şair, yazıçı-publisist Hüseyn Siyami (Tikmədaşlı) ən yaxşı vətənpərvər tədqiqatçı alim nominasiyasında qızıl medal ilə təltif olunur”.



azertag.az