Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
7.9.2018

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sentyabrın 12-dən 16-dək bu ölkənin Aktau şəhərində təşkil olunacaq Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında sənət ocağı “İuda” tamaşasını göstərəcək. Beynəlxalq festivala ölkəmizlə yanaşı, İran, Türkmənistan, Tatarıstan və Qazaxıstan teatrları qatılacaq. Festival Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunub. Akademik Milli Dram Teatrının “İuda” monotamaşası sentyabrın 16-da teatrsevərlərə təqdim olunacaq. Rejissor Anar Babalının quruluş verdiyi tamaşa Əməkdar Artist Ayşad Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb.

Səhnə əsərində Ayşad Məmmədov çıxış edəcək. Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Qeyd edək ki, “İuda” tamaşası insan xəyanətkarlığı mövzusuna həsr olunub. İuda ustadı İsa Məsihi satdığına görə vicdan əzabından qurtula bilmir. Səhnə əsəri İudanın daxili aləmini və bəraətqazanma cəhdini, onu belə addım atmağa sövq edən motivləri açıb göstərir.


azertag.az