"Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilir
11.5.2018

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş "Sevdiyim" layihəsinin mayın 11-də təqdimat mərasimi keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər iştirak edirlər.

"Sevdiyim" layihəsi "ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və ASAN radionun birgə təşkilatçılığı ilə reallaşıb. Layihə tarixi ənənələrin qorunması və təbliği, milli mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsi məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş "Sevdiyim" şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı Əməkdar Artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.


azertag.az