“İstedad sorağında-3” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
11.5.2018

Mayın 15-də Bakı Xətai Sənət Mərkəzində “İstedad sorağında-3” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Xətai Sənət Mərkəzindən bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşəcək. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşacaq sərgi istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, habelə gənc nəslin təsviri sənətə marağının artırılması məqsədini daşıyır.

Müsabiqəyə 250-dək rəssam 400-dən çox əsəri ilə qatılıb. Yekun sərgidə 60-a yaxın iştirakçının 70-dən çox əsəri nümayiş etdiriləcək.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sərgiyə informasiya dəstəyi verir.


azertag.az