“Heydər Əliyev və Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib
11.5.2018

Səbail rayonunun mərkəzindəki “Sahil bağı”nda xalqımızın Ümummilli Liderinin 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford Məktəbində təhsil alan 200-dən çox məktəbli, ali məktəblərin tələbələri, 100-dən çox gənc rəssam ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif guşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən rəsmlər çəkiblər. Tanınmış rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər veriblər.

Eyni zamanda, parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib. Sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Rayon musiqi məktəblərinin ansamblları, solistləri, rəqqasları konsert proqramları ilə çıxış ediblər. Məktəblilərin iştirakı ilə müxtəlif fləşmoblar keçirilib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimovun rəhbərliyi, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon nümayəndələrinin iştirakı ilə yaradılmiş münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən ediblər. Qaliblər Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar isə sertifikatlarla mükafatlandırılıblar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, tanınmış ictimai xadim Fəxriyyə Xələfova və digər rəsmi qonaqlar, rayonun idarə, təşkilatlarının rəhbərləri, ali məktəb rektorları, pedaqoji kollektivlərin, veteranların və ictimaiyyətin nümayəndələri parkı gəzib, məktəblilərin çəkdikləri rəsmlər, parkdakı sərgi və burada yaradılan gül kompozisiyaları ilə tanış olublar.


azertag.az