Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
4.5.2018

Mayın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan bəstəkarlarına diqqət və qayğı ilə yanaşıb. Həmişə Azərbaycan musiqisini, onun bəstəkarlıq məktəbini yüksək qiymətləndirib, bütövlükdə, musiqi sənətimizin inkişafına mənəvi zəmin yaradıb. Onun musiqimizə sonsuz vurğunluğu bu sahədə çalışanları yeni yaradıcılıq axtarışlarına ruhlandırıb. Dahi şəxsiyyətin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar İttifaqının fəaliyyətinə verilən qiymətin bariz təzahürüdür. Onun şəxsi təşəbbüsləri ölkəmizin musiqi mədəniyyətinin inkişafına, zənginləşməsinə və beynəlxalq səviyyədə böyük müvəffəqiyyətlər əldə etməsinə öz töhfəsini verib: “Ümummilli Liderin Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara yaradıcılıq axtarışlarında və yeni əsərlərin yaranmasında ilham verib”.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova 1975-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq, Ümummilli Liderin Azərbaycan professional musiqisinin banisinin yaradıcılığına həsr etdiyi dərin məzmunlu çıxışının şahidi olduğunu bildirib. O həmçinin qeyd edib ki, ümumiyyətlə, H.Əliyevin çıxışları həmişə analitik xarakteri və dərin peşəkar yanaşmasıyla fərqlənirdi.

Tanınmış bəstəkar, Xalq Artisti Tofiq Bakıxanov Ümummilli Liderin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə olan dostluğundan, bu sənətə verdiyi qiymətdən danışıb və Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

Tədbir məruzələrin dinlənilməsi ilə davam edib.


azertag.az