Üçüncü Bakı Şopinq Festivalına start verilib
1.5.2018

Bu gündən etibarən ölkəmizdə üçüncü Bakı Şopinq Festivalına start verilib.

Növbəti ticarət festivalı mayın 31-dək davam edəcək. Budəfəki festivala Bakıda yerləşən 800-dək mağaza qatılacaq. Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız Bakı Şopinq Festivalı günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcək. Payız festivalında olduğu kimi, bu dəfə də supermarketlər festivala qoşulacaq.

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür.

Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

Hər zaman olduğu kimi, yerli əhali və turistlər bu festivalda iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanacaqlar. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Tax- Free” nişanı olan mağazalarda mümkündür.

Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe Bakı Şopinq Festivalının iştirakçısı ola bilər.

Qeyd edək ki, 2017-ci ildən keçirilən Bakı Şopinq Festivalı Azərbaycan vətəndaşlarına və turistlərə hər biri bir ay davam etməklə, ildə iki dəfə bu fürsəti yaradır. Keçirildiyi ilk ildən Bakı Şopinq Festivalı böyük uğurlar əldə edərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə nail olub. Azərbaycanda və regionda ilk dəfə olmasına baxmayaraq, Şopinq Festivalı qısa zamanda etibar qazanıb və 2017-ci ildə iki uğurlu festival həyata keçirilib. Bu müddətdə, ümumilikdə, 665 mağaza iştirakçı qismində festivala qoşulub. Həmin mağazalarda festival çərçivəsində 71 min 331 ədəd ƏDV qaytarılması əməliyyatı həyata keçirilib. Yerli alıcılarla yanaşı, ƏDV qaytarılması imkanından yararlanan turistlərin sayı isə 6 min 534 nəfər olub.

Ölkə başçısının 1 sentyabr 2016-cı il tarixli, "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapıb.


azertag.az