Küveyt Universitetində keçirilən sərgidə Azərbaycan səfirliyi də iştirak edib
30.4.2018

Küveyt Dövlətinin nüfuzlu ali məktəblərindən biri olan Küveyt Universitetində sosial elmlər fakültəsinin təşkilatçılığı ilə “Global Village” adlı sərgi keçirilib. Ondan çox səfirliyin iştirak etdiyi bu sərgiyə Azərbaycan səfirliyi də qatılıb.

Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, sərgidə iştirak edən səfirliklərə ölkələri haqqında materialların (kitablar, bukletlər, broşürlər, bədii və sənədli filmlər, aksesuarlar, suvenirlər, milli geyimlər, milli mətbəxin nümunələri və s.) təqdim edilməsi üçün masa və stendlər ayrılıb.

Ölkəmiz üçün ayrılmış masa və stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar olaraq Cümhuriyyətin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, həmçinin foto və videomateriallar, eləcə də respublikamızın mədəniyyətini, turizm imkanlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və s. özündə əks etdirən kitablar, bukletlər, broşürlər, suvenirlər, milli geyimlər, Azərbaycanın məşhur yerlərini, təbiətini əks etdirən fotostendlər quraşdırılıb. Həmçinin ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti barədə sənədli film, “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” nümayiş etdirilib. Bundan əlavə, sərgidə universitet tələbələrinə və qonaqlara səfirliyin əməkdaşları və “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri tərəfindən kitablar, broşürlər və s. materiallar paylanılıb, eyni zamanda, milli mətbəximizin yeməkləri təqdim edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Sərgi zamanı Küveyt Universitetinin kitabxanasına, sosial elmlər fakültəsinin əməkdaşlarına ölkəmiz haqqında kitablar təqdim olunub.

Universitetin sosial elmlər fakültəsinin dekanı Hamud Əl-Qaşan iştirakçı səfirliklərin masa və stendləri ilə tanış olub, əməkdaşlarına təşəkkür məktubu və xatirə hədiyyələri təqdim edib.


azertag.az