Azər Paşa Nemətov Bolqarıstanda yaradıcılıq görüşləri keçirəcək
24.4.2018

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, aprelin 26-29-da reallaşacaq səfərdə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azər Paşa Nemətov bildirib ki, Bolqarıstan Akademik Milli Dram Teatrının rəhbərliyi Azərbaycanın bu ölkədəki səfirliyi vasitəsi ilə yaradıcılıq əməkdaşlığı qurmaqla bağlı müraciət edib: “Yaradıcılıq əməkdaşlığının qurulmasına xidmət edən müraciəti yüksək qiymətləndirdik. Eyni zamanda, Bolqarıstan teatr xadimləri azərbaycanlı müəlliflərin əsərləri ilə maraqlanıblar. Artıq onlara klassik və müasir əsər nümunələrini göndərmişik. Bolqarıstanın Akademik Milli Dram Teatrının dəvəti əsasında reallaşan səfərdə xarici teatr mütəxəssisləri, menecerlər iştirak edəcəklər. Bilirsiniz ki, Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq festivalda ötən il uğurla iştirak etdi. Bu il də eyni festivalda Samuel Bekketin “Kreppin son lent yazısı” pyesi əsasında hazırlanan tamaşa ilə iştirak edəcəyik. Səhnə əsəri ingilis dilində oynanılacaq.”

Səfər çərçivəsində Bolqarıstanın Mədəniyyət Nazirliyində və Beynəlxalq Teatr İnstitutunun Bolqarıstan Milli Mərkəzində görüşlər keçiriləcək, teatr rəhbərləri ilə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılacaq.

Qeyd edək ki, yaradıcılıq səfəri Azərbaycanın Mədəniyyət Nazirliyinin və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.


azertag.az