“Milli irs” mükafatı növbəti dəfə təqdim olunub
18.4.2018

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO yanında Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün hər il ölkəmizdə də geniş qeyd olunur. Bu münasibətlə mədəniyyət qoruqlarında, tarixi yerlərdə “açıq qapı” günləri keçirilir, yeni layihələr təqdim edilir, abidələrin qorunmasının təbliği məqsədilə tədbirlər təşkil olunur.

Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat marisimi olub.

Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və Mədəni İrs” adlı fotosərgi ilə tanış olublar.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri vəzifəsini icra edən Əbülfəs Qarayev bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin böyük təzahürüdür: “18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü hər il ölkəmizdə geniş şəkildə qeyd olunur, paytaxtda və bölgələrdə müxtəlif tədbirlər təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərdə 18 aprel tarixində “açıq qapı” günü elan olunur”.

Nazir vurğulayıb ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük işlər həyata keçirirlər.

Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələrin icra olunduğu diqqətə çatdırılıb.

Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” bu sahə üzrə fərqlənmiş şəxslərə təqdim olunub.


azertag.az