Musiqili Teatr müsabiqə elan edib
18.4.2018

Azərbaycan Dövlət Musiqili Teatrının simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bu barədə deyib: “Teatrın heyətində müəyyən dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Öhdəmizə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Hazırda teatrda kadr çatışmazlığını aradan qaldırmaq üçün yeni, istedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq”.


azertag.az