Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dostluq konserti ilə qeyd ediləcək
18.4.2018

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə mayın 17-də paytaxtdakı “Türküstan” konsert salonunda böyük dostluq konserti keçiriləcək.

Salonun foyesində “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Cümhuriyyəti – 100” adlı sərgi açılacaq. Sərgidə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulacaq, milli geyimli rəqs qruplarının çıxışları olacaq.

Konsert proqramında Özbəkistanın Əməkdar Artisti Kamoləddin Urunbayevin rəhbərliyi ilə gənclərdən ibarət Simfonik Orkestr və Azərbaycanın Əməkdar Artisti, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-Pri mükafatına layiq görülən tanınmış tarzən Sahib Paşazadə çıxış edəcəklər.

Proqrama Azərbaycanın və dünya musiqisinin inciləri-Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Fərhad Bədəlbəylinin əsərləri ifa olunacaq. “Koroğlu” uvertürası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Sarı gəlin”, “Çahargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunacaq.

Tədbirdə Özbəkistanın tanınmış sənətçiləri – Nəsibə Abdullayeva, Masuma Boltabaeva və Erkin Ramazanovun orkestrlə ifaları da nəzərdə tutulub.

Qeyd edək ki, konsert proqramı ifa edildikcə arxa fonda quraşdırılmış böyük ekranlarda yüz il öncə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz, Azərbaycanın turizm imkanlarına dair videomateriallar nümayiş etdiriləcək.

azertag.az