Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
18.4.2018

Bu il görkəmli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin 100 illik yubileyi Azərbaycanda və bir sıra xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunur.

Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, dahi musiqiçinin yubileyi ilə bağlı Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz, musiqişünas, orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin təsis etdiyi Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) tərəfindən yubiley tədbirləri ölkənin bir sıra ştatlarında keçirilir.

Şimali Texas Universitetinin musiqi kollecində keçirilən konsert proqramı görkəmli musiqiçinin yubileyinə maraqlı sənət töhfəsi olub. Universitetin tanınmış pedaqoq və musiqiçilərinin ifasında Qara Qarayevin kamera əsərləri, piano prelüdləri, skripka və fortepiano üçün sonatası, “Don Kixot” simfonik qravüralarının violonçel üçün transkripsiyaları, vokal əsərləri, baletlərindən parçalar səsləndirilib. Konsert proqramı Texas ştatının dövlət radiosunda səsləndirilib və mətbuatda geniş işıqlandırılıb.

Bundan əlavə, Cəmilə Cavadova-Spitsberqin yazdırdığı “Qara Qarayev: orqan üçün köçürmələr” musiqi albomundan 13 dəqiqəlik (CD) çıxarışlar səsləndirilib. Proqramın baş icraçısı Michael Baron bəstəkarın bu əsərlərini əsrarəngiz sənət nümunələri kimi dəyərləndirib.

Cəmilə Cavadova-Spitsberqin təşəbbüsü ilə ABŞ-ın İndiana ştatının Karmel şəhərində gənc pianoçular müsabiqəsinin tanınmış müasir bəstəkarlar bölməsinə Qara Qarayevin əsərləri də daxil edilib. İyunun 27-dən iyulun 1-dək keçiriləcək müsabiqədə bəstəkarın əsərlərinin ən gözəl ifaçısı mükafatlandırılacaq.

Fond dahi bəstəkarın yubileyi münasibətilə 2018-ci ili “Qara Qarayev İli” elan edib və yubilyarla bağlı layihələr il ərzində davam etdiriləcək. Yubiley tədbirləri çərçivəsində AAMF tərəfindən bəstəkarın 17 fortepiano əsərindən ibarət albomu da işıq üzü görəcək.

Qeyd edək ki, 2018-ci ilin yanvarında ABŞ-da təsis edilən AAMF-nin əsas məqsədi Azərbaycan musiqisini və onun görkəmli nümayəndələrini ABŞ-da təbliğ etmək, iki ölkənin mədəni münasibətlərinin inkişafına töhfə verməkdir.


azertag.az