“Ağ külək” kitabının təqdimatı keçirilib
10.4.2018

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Ağacəfər Həsənlinin “Ağ külək” adlı şeirlər kitabının təqdimatı keçirilib.

AYB-nin katibi İlqar Fəhmi müəllifin çoxşaxəli yaradıcılığından söhbət açıb.

Bildirib ki, onlarca şeir, publisistika və tərcümə kitabları işıq üzü görən şairin “Ümidimin adına küçə” adlı şeirlər və poemalar toplusu Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. Ağacəfər Həsənli ədəbiyyatımızı bir sıra beynəlxalq tədbirlərdə uğurla təmsil edib. O, Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY mükafatı laureatıdır. Əsərləri 30-dan çox dilə - rus, ingilis, fransız, bolqar, ərəb, qazax, Ukrayna, çex və başqa dillərə tərcümə edilib. Hazırda Ağacəfər Həsənli ədəbi-bədii fəaliyyətini davam etdirir, “Mars” ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktorudur.

Professor Vaqif Yusifli deyib: “Ağacəfər Həsənli lirik şairdir. Onun dünya, kainat, həyat, ölüm, xeyir, şər, işıq, zülmət, məhəbbət və nifrət haqqında düşüncələri reallığın özündən doğur. Şair o zaman filosofa çevrilir ki, o, həyatın bütün gedişlərinə, tarixin dünəninə və bugününə aid fikir və mülahizələrini ümumiləşdirmək istəyir”.

Tədbirdə çıxış edən şairlər Vaqif Bəhmənli, Sabir Rüstəmxanlı, Oqtay Rza, Yusif Nəğməkar, Balayar Sadiq, Maarif Soltan və başqaları Ağacəfər Həsənlini təbrik ediblər, onun insani keyfiyyətlərindən və yaradıcılıq xüsusiyyətlərindən söz açıblar.

Sonda A.Həsənli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.


azertag.az