Ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb
9.4.2018

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərə kömək məqsədilə “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb.

DİM-dən bildirilib ki, Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən mərkəzdə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentləri tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu barədə məlumatlandırır. Mərkəzdə, həmçinin “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiqi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərilir.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.


azertag.az