Yeni teatr portalı fəaliyyətə başlayıb
9.4.2018

Azərbaycan media məkanında teatro.az adlı yeni müstəqil sayt fəaliyyətə başlayıb.

Portalın təsisçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və teatrşünas Elçin Cəfərovdur. Redaksiya heyəti əsasən peşəkar teatrşünaslardan ibarət olan saytın baş redaktoru Vidadi Qafarovdur. Dünya və Avropa teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilən, milli səhnə sənətimizi dünya teatr prosesi kontekstində işıqlandırmağı nəzərdə tutan portal teatrşünaslıq və teatr jurnalistikası ilə bağlı mövcud boşluğun aradan qaldırılmasına xidmət edərək, teatr prosesinin canlanmasında, milli səhnə sənətinin inkişafında və dünya teatr məkanına inteqrasiyasında müəyyən rol oynamağı qarşısına məqsəd qoyub.

Sənətə universal baxış bucağından yanaşan portal, həmçinin ölkəmizdə teatr təhsilinə yardımçı olmaq və elmi-nəzəri, dramaturji baza funksiyasını yerinə yetirmək məqsədini hədəf götürüb. Teatr sənətinin sintetik təbiəti nəzərə alınaraq, portalda kino, televiziya, sirk və digər sənət növlərinə də yer ayrılıb ki, bu da saytın əhatə dairəsini genişləndirir.

Hazırda elektron media məkanında yeganə teatr saytı olan teatro.az portalı səhnə sənəti ilə məşğul olan bütün qurumları və teatr icmasını əməkdaşlığa dəvət edir.

azertag.az