Gənc Tamaşaçılar Teatrında aprel şəhidlərinin xatirəsi anılıb
6.4.2018

Gənc Tamaşaçılar Teatrında Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu, Aprel döyüşləri şəhidi Samir Kaçayevin xatirəsinə həsr olunan tamaşa nümayiş etdirilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, “Yarımçıq qalmış” adlı tamaşa Xalq Artisti Vaqif Əsədovun quruluşunda təqdim olunub.

Tamaşadan əvvəl Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Xalq Artisti Vaqif Əsədov çıxış edərək dördgünlük Aprel döyüşlərində şəhid olan qəhrəman vətən övladlarının igidliyindən danışıblar.

Vurğulanıb ki, Azərbaycan Ordusu zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan ordusunun qüdrəti və inkişafı ilə bağlı ən önəmli və danılmaz fakt isə ondan ibarətdir ki, dövlət ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır.

Diqqətə çatdırılıb ki, tamaşa gənc nəsildə Vətənə sədaqət hissinin aşılanmasına xidmət edir.

Sonra tamaşa təqdim edilib. Yefim Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış” (Xəyalpərvər oğlan) əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirovdur.

Əsas rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Səbinə Məmmədova və başqaları ifa ediblər.


azertag.az