Bakı Uşaq Teatrı “Günahsız günahkarlar”la şimal bölgəmizə gedib
6.4.2018

Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakı Uşaq Teatrında hazırlanan “Günahsız günahkarlar” tamaşası Siyəzən, Şabran, Quba, Qusar və Xızı rayonlarında nümayiş olunub.

İnsan alveri, bu cinayətkar əməllərin acı nəticələrindən bəhs edən əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır. Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?

Fərqli rejissor həlli ilə “Günahsız günahkarlar” bütün bu suallara cavab verir.


azertag.az