Yeni teatr və sənət mərkəzi yaradılıb
5.4.2018

Teatrlardan öz üslubu ilə fərqlənən yeni müstəqil teatr və sənət mərkəzi yaradılıb.

“Çıxış” adlanan bu teatr tanınmış rejissor İmam Həsənov tərəfindən təsis olunub. Təsisçinin sözlərinə görə, teatrın yaradılmasında başlıca məqsəd cəmiyyətimizdə güzgü rolunu oynamaq, pafoslu aktyor oyunundan uzaq olan ifa nümayiş etdirmək, neorealistik qavramanın teatrda təməlini qoymaqdır.

Rejissor bildirib ki, yeni teatrın daimi truppası olmayacaq. Peşəkar aktyorlara üstünlük verilməklə yanaşı, qeyri-peşəkarların da özlərini sınaqdan keçirməsinə imkan yaradılacaq. Teatr gənc və peşəkar rejissorların təkliflərinə açıqdır. Teatrda, həmçinin film nümayişləri, sərgilər, poeziya axşamları və digər bu kimi tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

“Çıxış” teatr və sənət mərkəzi martın 29-da “Tikanlı münasibətlər” tamaşasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru İmam Həsənov, rəssamı Şahnaz Ağayevadır. Bu tamaşanın təkrar nümayişi aprelin 7-də olacaq.


azertag.az