Tvinninq layihəsinin yekun tədbiri keçirilib
5.4.2018

Aprelin 4-də Milli İncəsənət Muzeyində “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki il müddətində davam edən layihənin Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) tərəfindən imzalanmış müqaviləyə əsasən reallaşdığını bildirib. Diqqətə çatdırıb ki, Tvinninqin mövzusu Azərbaycan mədəniyyət sisteminin təkmilləşdirilməsi və onun idarəetmə üsullarının modernləşdirilməsi olub. “Layihə çərçivəsində böyük işlər görülüb. Həm yerli, həm də xarici mütəxəssislər paytaxt və regionlarda muzey, klub, kitabxana və digər mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı əhatəli təhlillər aparıblar. Azərbaycanda mədəni irsin qorunması və onun istifadə olunması ilə bağlı tədqiqat işləri həyata keçirilib. Bu layihənin əsas məqsədlərindən biri də odur ki, Avropada tətbiq edilən təcrübə tədricən Azərbaycana daxil olsun və ölkəmizin mədəniyyəti Avropanın və dünyanın ən müasir üsulları ilə idarə olunsun. Burada əsas məqsəd həm idarəetmə sisteminin təkmilləşdirilməsi, həm də maliyyə mənbəyinin müxtəlifliyinin təmin olunmasıdır”, - deyə nazir Əbülfəs Qarayev bildirib.

Qeyd olunub ki, Tvinninq layihəsinin gerçəkləşməsi Avropa İttifaqının qərarına əsasən İtaliya hökumətinin köməkliyi ilə reallaşıb. Mədəniyyət və turizm naziri deyib: “İtalyanların təcrübəsi bizim üçün çox maraqlı oldu. Bizim mütəxəssislər bir neçə dəfə səfərdə oldular, treninqlər həyata keçirildi. Qarşılıqlı şəkildə məhsuldar sənədlər hazırlanıb və bu gün yekun olaraq onların təqdimatı həyata keçiriləcək. Layihənin iştirakçılarına təşəkkür edərək bildirirəm ki, bu təcrübə bizim üçün olduqca vacibdir. Biz ən qabaqcıl təcrübəni istifadə edəcəyik. Bu, layihə çərçivəsində ilk birgə iş deyil. Beş il əvvəl turizm sahəsi üzrə həyata keçirilən Tvinninq layihəsinin müsbət nəticələrinin şahidiyik”.

Mədəni irsin iqtisadi aktivə çevrilməsi

Nazir Əbülfəs Qarayev bildirib ki, “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” layihəsinin əhatəsi olduqca genişdir. Bu layihə mədəniyyətin bütün sahələrini əhatə edir. Layihə əsasında 13 mühüm sənəd hazırlanıb, İsmayıllı, Lənkəran və digər regionları əhatə edib. Digər regionlar da bu prosesdən məlumatlıdırlar və onlar da işlərini tədricən bu sistem üzrə qurmalıdırlar. Layihənin vacib tərəflərindən biri Azərbaycanın mədəni irsinin dünyada tanıdılması və təbliğidir: “Bilirsiniz ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük fəaliyyəti sayəsində Azərbaycanın mədəniyyəti bütün dünyada tanıdılır və qəbul edilir, maddi-mədəni irs nümunələrimiz UNESCO-nun qorunan incilər siyahısında yer alıb. Ölkə rəhbərliyinin mədəniyyət sahəsi üzrə əsas göstərişlərindən biri də budur ki, Azərbaycan mədəniyyəti bütün dünyada xüsusi termin və anlayış kimi qəbul edilməlidir. Ona görə də bu gün bizim mədəni sərvətlər dünya təcrübəsinə uyğun təqdim edilməlidir. Avropa təcrübəsi mədəniyyətə ziyan vermədən dövlətə, xalqa, bu sahədə işləyən insanlara əlavə vəsait gətirməsinə şərait yaradır. Bir sözlə, mədəni irsi iqtisadi aktivə çevirməyi öyrədir. Tvinninq layihəsi çərçivəsində əldə olunan təcrübə gələcəkdə mədəniyyətin idarə edilməsi sahəsində görüləcək işləri təxmin etməyə, daha səmərəli fəaliyyətə imkan yaradacaq. İşimizi dünyada qəbul edilən qaydalar və üsullara əsasən qurmaqla biz insanların mədəni istirahətini təşkil etməklə həm də dövlətimiz və çalışdığımız sahə üçün maliyyə qazanılmasına şərait yaratmalıyıq. Tvinninq layihəsi çərçivəsində həyata keçirilən görüşlər və işlər sübut etdi ki, Azərbaycanın mədəniyyət sahəsi kifayət qədər islahatlara hazırdır”.

Əbülfəs Qarayev sonda nazirliyin qarşısında duran əsas məqsədlərlə tədbir iştirakçılarını tanış edib və bildirib ki, layihə ilə əlaqədar təklifi olan hər bir mütəxəssis bu haqda nazirliyə müraciət edə bilər.

Azərbaycanın zəngin mədəni irsi layihənin əhatəli şəkildə reallaşmasına şərait yaradıb

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ ilə Azərbaycan arasında əlaqələrdən söz açıb, layihənin ən yaxşı təcrübəsinin Azərbaycanda tətbiq olunduğunu deyib. Qeyd edilib ki, Azərbaycanın zəngin mədəni irsi müvafiq layihənin əhatəli şəkildə reallaşmasına şərait yaradıb: “Bu gün Azərbaycan və Avropa İttifaqı bir-birini kəşf etməkdədir və Azərbaycan Tvinninq layihəsindən bəhrələnən ölkələr arasında ön sıralardadır”, - deyə Kestutis Yankauskas qeyd edib.

O, həmçinin əlavə edib ki, layihənin müsbət cəhətlərindən biri də Avropa ölkələrindən olan turistlərin Azərbaycana marağını cəlb etməkdir. Diqqətə çatdırılıb ki, may ayında Aİ tərəfindən təşkil ediləcək tolerantlıq festivalına Azərbaycanın dəvət edilməsinin əsas səbəbi ölkənin mədəni sərvətlərinin zənginliyidir.

İtaliya Respublikasının Azərbaycandakı səfiri Auqusto Massari qeyd edib ki, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ölkələr arasında siyasi münasibətlərə də öz töhfəsini verir: “Ekspertlərimiz Azərbaycana daha çox turist cəlb edilməsi istiqamətində müvafiq bilik və bacarıqlarını bölüşüblər. Layihə Azərbaycana mədəni irsdən iqtisadi səmərə əldə etmək imkanı yaradır. İtalyan ekspertlərin əsas məqsədi burada öz təcrübələrini bölüşmək idi. Əgər ölkənin milli kimliyi, mədəni irsi varsa, bundan qürur duyub onu iqtisadi aktivə çevirmək lazımdır. Azərbaycan da bu siyahıda ilklər sırasında olan ölkələrdəndir”.

Benefisiar ölkə üzrə layihə rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Aİ-yə üzv ölkə üzrə layihə rəhbəri Adele Çesi çıxış edərək vurğulayıblar ki, çağdaş dövrümüzdə mədəniyyət sektoru ölkənin sosial və iqtisadi həyatında mühüm yer tutur və digər sahələr kimi onun yerli və beynəlxalq qurumlar tərəfindən dəyərləndirilməsi vacibdir. Avropanın mədəniyyət sektorunun qabaqcıl təcrübələrinə əsaslanaraq mədəniyyət sektorunun effektiv idarə edilməsinin ölkənin gəlirlərinin artmasına və ümumi gəlirinə nə qədər böyük töhfələr verə biləcəyi, eləcə də Azərbaycan nümunəsində onun iqtisadi diversifikasiya və sosial inkişaf istiqamətində tərəqqisinə təsiri danılmazıdır.

Daha sonra Rezident Tvininq müşaviri Alessandro Bianki layihənin nəticələri ilə bağlı hesabatı təqdim edib. Bildirib ki, mədəni irsi sosial vasitəyə çevirmək müasir dövrün əsas şərtlərindən biridir.

Tvininq müşavirinin həmkarı Ramil Abbəkirov layihənin veb-saytı haqqında məlumat verib. Qeyd edib ki, sayt ictimaiyyət üçün açıq olacaq və burada layihə haqqında ətraflı məlumat əldə etmək mümkündür. Saytın yaradılmasında məqsəd layihənin nəticələrini bir araya gətirərək effektli işin qurulmasına xidmət etməkdir. Saytda layihə çərçivəsində qəbul edilən bütün sənədlər öz əksini tapıb, iki il müddətində həyata keçirilən tədbir və görüşlər, treninqlər barədə məlumatlar yerləşdirilib. Əlaqə bölməsində mütəxəssisləri maraqlandıran bütün suallar cavablandırılacaq.

Tədbirin sonunda nazir Əbülfəs Qarayev layihənin yekunları və sayta əlavələrlə bağlı tapşırıq və tövsiyələrini verib, layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkür edib. Bildirib ki, layihə dövlət əhəmiyyətli bir işdir və regionlarda yerli orqanlarla birlikdə bu nəticələri reallaşdıraraq məhsuldar işləmək hər bir mədəniyyət ocağının qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.

Qeyd edək ki, layihə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin köməyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində reallaşdırılıb.


azertag.az