Qusarlı təsərrüfatçıların noxud əkininə marağı artıb
5.4.2018

Qusarlı təsərrüfatçılar dəmyə şəraitində dənli və paxlalı bitkilərin əkininə başlayıblar.

Son illər rayon fermerlərinin noxudun əkininə marağı artıb. Əgər 2015-ci ildə Qusarda cəmi 2 hektar noxud əkilmişdisə, ötən il bu göstərici 38 hektara qədər artıb. Bu il isə təsərrüfatçılar 100 hektara yaxın sahədə noxud əkməyi planlaşdırırlar.

Təsərrüfatçılar noxudun səpininə başlamazdan 4 ay öncə, yəni ötən ilin noyabr ayında sahələrdə şumlama, gübrələmə işləri aparıb, zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər.

Rayonun Aşağı Ləgər kəndində əkin-biçinlə məşğul olan Ramin Mahmudov bildirir ki, ötən il əkdiyi 2 hektar noxud sahəsindən ümumilikdə 4 ton məhsul əldə edib. Zəhmətinin bəhrəsini görən təsərrüfatçı bu il əkin sahəsini artıraraq 5 hektara çatdırıb. Fermer əkin sahəsində Cəlilabad rayonundan gətirdiyi yerli, məhsuldar noxud sortu becərir. Bu sortun əsas üstün cəhətlərindən biri suya tələbatın az olmasındadır.

Qusarda noxud bitkisi daha çox ucqar dağətəyi ərazilərdə əkilir. Mütəxəssislərin fikrincə əkin vaxtı havaların əlverişli keçməsi sahələrdən bol məhsul toplanmasına şərait yaradacaq. Təsərrüfatçılar, bu il noxud sahəsinin hər hektarından orta hesabla 2,5 tona yaxın məhsul alacaqlarını düşünürlər.

Qusarda yetişdirilən noxud əsasən paytaxt və bölgə bazarlarında satışa çıxarılır.

azertag.az