Kürdəmirdə 37,2 kilometrlik avtomobil yolu yenidən qurulur
5.4.2018

Kürdəmirdə 37,2 kilometrlik avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycanda yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması kimi sosial yönlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla icra olunur. Kürdəmir rayonunda bu çərçivədə 2 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Artıq onlardan birində, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun inşasına start verilib.

Kürdəmir rayonunda bu il nəzərdə tutulan yol layihələri 15 minə yaxın vətəndaşın yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 71,2 kilometr uzunluğunda avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 6 mindən artıq əhalinin yaşadığı 7 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki yolun torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

37,2 kilometr uzunluğa malik avtomobil yolunun 29,2 kilometrlik hissəsi deformasiyaya uğramış qara örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılır, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri 20 santimetr qalınlıqda qum-çınqıl qarışığı ilə aparılır. Daha sonra yol əsasının üst layının 12 santimetr qalınlıqda optima-qırmadaş qarışığı ilə aparılması nəzərdə tutulub.

Yolun 8 kilometrlik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının inşası işləri aparılır. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yol əsasının inşası işlərinə start veriləcək.

Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün 72 poqonmetr müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur. Bundan başqa yolda yerləşən 2 və 4 aşırımlı 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görüləcək işlərin siyahısındadır.

Torpaq işləri bitəndən sonra yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 santimetr qalınlıqda iri dənəli, üst layının isə 5 santimetr qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılacaq.

Yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə 8 avtobus dayanacağının tikilməsi, 120 yol nişanının, 37 kilometr göstəricisinin və 95 məlumatverici lövhənin, həmçinin 1480 siqnal dirəyinin quraşdırılması, 100 kilometrdən çox ağ və sarı xəttin çəkilməsi işləri aparılacaq.

Qeyd edək ki, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişindaşımasına müsbət təsir etməklə, ərazidə kənd təsərrüfatının inkişafına səbəb olacaq.


azertag.az