Gənc Tamaşaçılar Teatrı balacaları sevindirəcək
4.4.2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş P.Cullifordun “Şirinlər” pyesi əsasında eyniadlı yeni tamaşanın hazırlanmasına start verilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulan tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkova, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov və rejissor assistenti Günay Qasımovadır.

Əsas rolları Əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuranə Hüseynova, Anar Seyfullayev və başqaları ifa edirlər.

Tamaşanın premyerası 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü üçün nəzərdə tutulur.


azertag.az