“Başsız xoruz” filmi “YARAT”da nümayiş ediləcək
2.4.2018

Aprelin 3-də “YARAT” Müasir İncəsənət Mərkəzində rumın istehsalı olan “Başsız xoruz” filmi nümayiş olunacaq.

Rejissor Radu Gabreanın quruluş verdiyi ekran əsərinin xronometrajı 98 dəqiqədir. Dram janrında olan filmdə baş rolda tanınmış aktyorlar David Simmerşid, Alisiya Baxleda və İoana Yakob çıxış edir.

Film keçid dövründə həddi buluğa çatmış gəncin emosional hekayəsindən bəhs edir. 23 avqust 1944-cü il: Rumıniyanın Transilvaniya vilayətinin kiçik bir şəhərində 16 yaşlı Feliks Qoldşmit məktəbi bitirmə münasibətilə buraxılış balına getmək üçün öz sinif yoldaşlarını gözləyir.

Uşaqlar üçün məhz bu mühüm gündə, Rumıniya müttəfiqi olan nasist Almaniyası ilə əlaqələri pozur və Karpat dağlarının ətəyindəki yaşayan etnik alman köçərilərinin 800 illik tarixçəsinə son qoyur.

Film rumın dilində ingilis subtitrləri ilə nümayiş olunacaq.

azertag.az