Yunanıstan səfirliyi ölkəsinin Milli Gününü maraqlı konsert proqramı ilə qeyd edib
30.3.2018

Yunanıstanın ölkəmizdəki səfirliyi ölkəsinin Milli Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə "Etnik musiqi inciləri" adlı konsert proqramı təşkil edib.

Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himni səsləndirilib. Sonra çıxış edən səfir Nikolaos Kanellos Azərbaycan-Yunanıstan əlaqələrinin yaxşı səviyyədə olduğunu və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün çalışdığını qeyd edib. Diplomat ölkəsinin Milli Günü münasibətilə bu dəfə fərqli formatda tədbir təşkil edildiyini, bu məqsədlə Yunanıstandan dəvət olunmuş məşhur musiqiçi Nikos Ksanfulisin tanınmış azərbaycanlı dirijor Əyyub Quliyevlə birgə konsert proqramı təqdim edəcəyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, iki ölkə arasında mövcud işgüzar, siyasi dialoqlar ikitərəfli əlaqələrin daha da inkişafına xidmət edir. Həmçinin Azərbaycanla Yunanıstan arasında iqtisadi, mədəni, humanitar, qarşılıqlı investisiya qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlığın olduğunu qeyd edən Gündüz Cəfərov bildirib ki, iki ölkə arasında imzalanmış və imzalanmağa hazırlanan sazişlər ikitərəfli əlaqələrin bünövrəsini daha da möhkəmləndirəcək.

Rəsmi hissədən sonra tədbir maraqlı musiqi proqramı ilə davam edib. Gecədə Nikos Xanthoulis, Christoph Villibald Gluck, Stefan Muscaritolo, Georg Handel və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri səsləndirilib.

Tədbirin qonaqları Mərkəzin foyesində təşkil olunmuş Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Kanellosun və Nərgiz Quliyevanın rəsmlərindən ibarət sərgiyə də baxıblar.

Konsertdə dövlət qurumlarının və diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri iştirak ediblər.


azertag.az