Qədim yunan musiqi alətinin ifaçısı Milli Konservatoriyada olub
29.3.2018

Azərbaycan Milli Konservatoriyasında (AMK) Yunanıstan Milli Operasının bədii məsləhətçisi, Amerika Arxeoloji İnstitutunun müxbir üzvü, qədim yunan "Lira" musiqi alətinin ifaçısı, professor Nikolaos Ksantulisin təqdimatı ilə "Qədim yunan musiqisi, nəzəriyyə və praktikası" adlı tədbir keçirilib.

Konservatoriyadan bildirilib ki, tədbirdə AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Professor Nikolaos Ksantulis məruzə ilə çıxış edərək qədim yunan musiqisi haqqında ətraflı məlumat verib, "Lira"da bir neçə musiqi nümunəsi səsləndirib.

Tədbir dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.


azertag.az