Osmanlı tarixi miniatürlərdə
29.3.2018

Martın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi, Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Tarixi prosesdə Osmanlı miniatürləri” adlı sərgi açılıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasında əsrlərboyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıb.

Diplomat deyib: “Bir-birimizi daha yaxından tanımaq və anlamaq üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrətməli və öyrənməliyik”.

Bildirilib ki, sərgidə Osmanlı imperiyasının yaranmasından dağılmasına kimi miniatür ustaları tərəfindən çəkilmiş fərqli ölçü və formatlarda olan 40 ədəd miniatür nümayiş olunur.

Bakıdakı Yunus Əmrə İnstitutunun Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir sərginin əhəmiyyətindən söz açıb. Bildirib ki, yarandığı vaxtdan dünyada ən böyük mədəniyyətlərdən sayılan Osmanlı mədəniyyəti təkcə tarix və ədəbiyyata deyil, eləcə də yetişdirdiyi miniatür ustaları ilə bəşəriyyətə böyük töhfələr verib. XV əsrdən başlayan Osmanlı miniatür sənəti adıçəkilən imperiyanın dağılmasından sonra da bəzi miniatürçü rəssamlar tərəfindən öz mövcudluğunu qoruyub saxlayıb.

Sonda iştirakçılar sərgi ilə tanış olublar.

Sərgi martın 30-dək davam edəcək.

azertag.az