Küveyt qəzetlərində Novruz bayramı ilə bağlı məqalələr dərc edilib
28.3.2018

Küveyt Universitetinin geniş oxucu auditoriyasına malik həftəlik “Afaq” qəzetində Novruz bayramı ilə bağlı məqalələr dərc olunub.

Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, məqalələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi tədbirləri çərçivəsində səfirliyin dəstəyi ilə Küveyt Dövlət Universitetinin Dillər Mərkəzində təşkil olunan Novruz şənliyində bu bayramın yaz fəslinin ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramı olduğu bildirilir və Azərbaycan xalqı tərəfindən xüsusi təntənə ilə qeyd edildiyi vurğulanır. Məqalələrdə Novruz bayramının tarixindən bəhs edilir. Mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan Novruz bayramının insanlar arasında birliyi, mehribanlığı möhkəmləndirdiyi vurğulanır, onun mərhəmət simvolu olduğu diqqətə çatdırılır. Novruz bayramının Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi ilə sıx bağlı olduğu qeyd edilir.

Küveytin nüfuzlu “The Kuwait Times” qəzetində də Novruz bayramı haqqında məqalə dərc olunub. Məqalədə Novruz bayramının tarixi, adət-ənənələri barədə oxuculara geniş məlumat verilir.


azertag.az