Azərbaycan həqiqətləri Afrika telekanallarında yayımlanacaq
27.3.2018

Nigeriyadan olan bir qrup televiziya işçisi Azərbaycana gəlib. Qonaqlar ölkəmiz, onun tarixi, ənənələri, mədəniyyəti, dəbi, turizm və mətbəxi haqqında silsilə verilişlər hazırlayacaq. Verilişlər Nigeriyanın və Afrikanın digər ölkələrinin 10-dan çox telekanalında təqdim ediləcək. Layihənin təşkilatçısı Nigeriyadan olan həmyerlimiz, Beynəlxalq Qadın Təşkilatının meneceri, Azərbaycan-Nigeriya Dostluq Cəmiyyətinin rəhbəri Billurə Bayramovadır.

Billurə Bayramova bildirilib ki, silsilə verilişlər may-iyul aylarında Afrika ölkələrinin televiziya ulduzları Cina Exikodiojo və Cennifer Centetin (Fransa vətəndaşı) hazırladığı populyar "Foodies anad Spice" və "Lives of Nigerians in Diaspora" televiziya verilişləri çərçivəsində yayımlanacaq.

Onun sözlərinə görə, səfərin təşkilində əsas məqsəd Azərbaycanın təbliğatını Afrika ölkələrində aparmaqdır.

Novruz bayramında Bakıda olan Cina Exikodiojo və Cennifer Centet Şəki, Lahıc, Tərtər və ölkənin digər şəhərlərinə səfər ediblər, Azərbaycanın qonaqpərvərliyinə, təbiətinin gözəlliyinə, memarlıq abidələrinə və müasir binalarına, milli mətbəxinə və ölkə təbiətinə heyran qaldıqlarını bildiriblər.


azertag.az