Publisist Reyhan Mirzəzadənin “Rus ədəbiyyatı qəlbimin işığında” kitabı çapdan çıxıb
19.3.2018

Tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin yeni kitabı “Rus ədəbiyyatı qəlbimin işığında” adlanır.

Kitabda müəllifin Azərbaycan mətbuatında görkəmli rus ədiblərinin yaradıcılığı, rus ədəbiyyatının diqqətəlayiq hadisələri barədə dərc olunan yazıları əks olunub.

Nəşrdə bildirilir ki, mütərəqqi rus ədəbiyyatı dünya mədəniyyəti xəzinəsinə böyük dühalar, klassiklər, zəngin və nadir nümunələri bəxş edib. Tarixən zəmanəni doğru-dürüst əks etdirərək, bədii yaradıcılığın xalq həyatı ilə sıx əlaqəsi naminə mübarizədə qabaqcıl rus yazıçısı və şairlərinin böyük rolu olub. Təqdim etdiyi gerçəkliyə müstəsna dərinliklə nüfuz edən rus ədəbiyyatı vətəndaş cəsarəti, xəlqilik, milli iftixar, vətənpərvərlik ruhu ilə özünəməxsus şöhrət qazanıb. Fəlsəfi, ideya-tərbiyəvi əhəmiyyəti ilə həm xalqın tarixi inkişaf mərhələsinin, həm də müasir dövrün tələbləri mövqeyindən çıxış edən və gələcək nəsillərə faydalı irs olan bu bəşəri ədəbiyyat dünyada sevilə-sevilə oxunmaqda, öyrənilməkdədir.

Kitab rus xalqının qüdrətli şairi, dramaturqu, jurnalisti, tənqidçisi və mübariz ictimai xadimi Nikolay Alekseyeviç Nekrasovun yaradıcılığına həsr olunan “Rus ədəbiyyatının böyük klassiki – Nekrasov” yazısı ilə başlayır. Müəllifin Fyodor Dostoyevski haqqında yazdığı “Bəşərin ölməz dühası, həqiqi insan aşiqi”, Sergey Yeseninə həsr etdiyi “Vurğunam Bakıya ona görə ki, qoynunda Yesenin inci yaratdı...”, o cümlədən rus ədəbiyyatının digər parlaq simaları A. Puşkin, N.Qoqol, V. Jukovski, M. Lomonosov, M. Lermontov, İ.Turgenev, K. Çukovski, A.Bestujev-Marlinski, A.Sumarokov, Nikolay və Lev Qumilyovlar və Anna Axmatova haqqında tədqiqat yazıları dərin maraq doğurur.

Bunları bir daha tarixin yaddaşında canlandırmaqla, Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişafına səylə çalışan müəllif bu sahədəki fəaliyyətini inamla davam etdirməkdədir.


azertag.az