Ankarada keçirilən beynəlxalq sərgidə azərbaycanlı rəssamların da əsərləri nümayiş olunur
16.3.2018

Türkiyənin paytaxtı Ankarada IV Beynəlxalq Çağdaş Sənət Sərgisinin açılışı olub. “Artankara” adlı sərgidə Azərbaycan rəssamlarının əsərləri də nümayiş olunur.

Bu ilki sərgidə 26 ölkədən 550 sənət adamının 2000-dən artıq əsəri sərgilənir. Bu göstəricilər tədbirin nüfuzu və miqyası haqqında təsəvvür yaratmaq üçün kifayətdir. Sərgidə rəsm, fotoqraf, heykəl, keramika daxil olmaqla müasir incəsənətin bir çox janrları əhatə olunur.

“Artankara” olduqca zəngin və maraqlı əsərlərin nümayişi ilə yanaşı, beynəlxalq səviyyədə tanınan sənət adamları, eləcə də gənc istedadların iştirakı ilə bəşəri sənət haqqında fikir mübadiləsinin aparıldığı mühüm platformaya çevrilib. Azərbaycanlı rəssamların işləri sərgidə “Araz” qalereyasının təşkilatçılığı ilə nümayiş olunur.

Ziyarətçilər Əbülfəs Fərəcoğlu, Xaqan Bayramov və Orxan Hüseyn, eləcə də digər fırça ustalarımızın əsərlərinə böyük maraq göstərirlər.

Sərgi martın 18-dək davam edəcək.

azertag.az