Tanınmış yazıçının əsərləri ana dilində nəşr olunacaq
15.3.2018

Tanınmış yazıçı Elçin Səfərlinin əsərləri Azərbaycan dilində çap ediləcək.

Bu barədə danışan yazıçı deyib: “Bu mənim çoxdankı arzum idi. Digər sevindirici məsələ kitablarımın “TEAS Press” nəşriyyat evi tərəfindən çap edilməsidir. Bu peşəkar komanda ilə bu yaxınlarda tanış olmuşam və bundan çox məmnunam”.

Əsərlərini rus dilində qələmə alan yazıçının kitabları postsovet məkanında və Türkiyədə daha çox satılır.

“TEAS Press” Nəşriyyat Evi uzun müddətdir ki, ölkədən kənarda yaşayan məşhur azərbaycanlı yazıçının kitablarının Azərbaycan dilində nəşri missiyasını üzərinə götürməklə ədəbiyyatımıza böyük töhfə verəcəyini düşünür.

Elçin Səfərli 2008-ci ildən yaradıcılığa başlayıb, bu günə kimi xaricdə 15-dən çox kitabı böyük tirajla çap edilib. “Bosforun şirin duzu” adlı ilk kitabı ona böyük şöhrət qazandırıb.

azertag.az