Böyük dramaturq Hüseyn Cavid haqqında sənədli televiziya filmi çəkilir
13.3.2018

“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində böyük dramaturq Hüseyn Cavid haqqında “Həqiqət istərəm, yalnız həqiqət” sənədli televiziya filminin istehsalına başlanılıb. Filmin çəkilişləri Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində aparılır.

Muzeydən bildiriblər ki, filmin ssenari müəllifi Əməkdar Jurnalist Salar Aslanov, quruluşçu rejissoru Hatəm Əsgərov, elmi məsləhətçisi Əməkdar Mədəniyyət İşçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, quruluşçu operatoru Mətləb Yaqubovdur.

Filmdə Hüseyn Cavid obrazını Mübariz Nağıyev, Mişkinaz xanım obrazını Xalq Artisti Səidə Quliyeva, Üzeyir Hacıbəyli obrazını Əməkdar Artist Əyyub Quliyev, Abdulla Şaiq obrazını Əməkdar Artist Cəlal Məmmədov ifa edirlər.

azertag.az