Alman dili kursunu başa vuran məktəblilər mükafatlandırılıblar
9.3.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada alman dili kursunu başa vuran məktəblilərin mükafatlandırılma mərasimi keçirilib.

BŞTİ-dən bildiriblər ki, mərasimdə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət və iqtisadiyyat şöbəsinin müdiri Tereza Şönfelt, məktəb direktorları, müəllimlər, şagirdlər, KİV-lərin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Gimnaziyanın alman dili üzrə xüsusi kurs keçib yazılı və şifahi imtahanlar verən 18 şagirdi diplom və hədiyyələrlə mükafatlandırılıb.

160 nömrəli Klassik Gimnaziya 2008-ci ildən “Almaniya təhsilinin partnyorluğu” proqramının iştirakçısıdır. On il ərzində məktəbdə üç almandilli müəllim dərs deyib.

azertag.az