Paytaxt məktəbində Novruz şənliyi təşkil olunub
7.3.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 81 nömrəli tam orta məktəbdə Novruz bayramına həsr olunan təntənəli tədbir keçirilib.

BŞTİ-dən bildiriblər ki, od çərşənbəsinə təsadüf edən tədbir Sabunçu rayonunun Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrini əhatə edib.

Tədbirin keçirilməsinin məqsədi Novruz bayramında xalqımızın milli adət-ənənələrinin gələcək nəsillərə ötürülməsinin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini şagirdlərin diqqətinə çatdırmaqdır.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva iştirakçıları təbrik edib, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramının insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməlli bir bayram olduğunu deyib.

M.Vəliyeva xalqımızın bu günədək yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayramın dünyanın yaranma sirlərini, gələcəyə, xoşbəxtliyə ümidini özündə əks etdirdiyini bildirib.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova toplaşanlara xoş arzularını çatdırıb, əsrlər boyu Azərbaycan xalqının bu bayramı qeyd etdiyini, qəlbində yaşatdığını söyləyib. R.Fərəcova dövlət müstəqilliyimizin bərpasından sonra xalqımızın Novruzu çox geniş, rəsmi dövlət bayramı kimi qeyd etdiyini söyləyib.

Bayram şənliyində Novruzun personajları Keçəl və Kosanın məzəli oyunları, Bahar qızın gəlişi tədbir iştirakçılarının marağına səbəb olub.

Şagirdlər gəlişi ilə baharın təravətli nəfəsini gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər göstəriblər.

azertag.az