Martın 6-sı Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür
6.3.2018

Qlaukoma ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərindən biridir və təəssüf ki, praktik olaraq heç kəs ondan sığortalanmayıb. Beynəlxalq miqyasda Qlaukomayla Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.

Qlaukoma gözdaxili təzyiqin artması ilə səciyyələnən xəstəlikdir. Əvvəlcə simptomsuz başlasa da, xəstəliyin vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır. Qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur.

Qlaukoma xəstəliyi hər yaşda yarana bilər, lakin xəstəlik 40 yaşdan sonra daha çox yayılır. Statistikaya görə, dünyada 100 milyon qlaukoma xəstəsi var və onlardan hər beşindən biri göz nurunu tamamilə itirir.

Mürəkkəblik ondadır ki, qlaukoma yalnız yüksək dərəcədə inkişaf edəndən sonra üzə çıxır və müalicəyə çətin tabe olur. Ümumdünya Qlaukomayla Mübarizə Gününün qeyd olunması həm də xəstəliyinin yaranması, risk amilləri, profilaktikası və diaqnozu barədə ictimaiyyətin maariflənməsinə xidmət edir.

Qlaukomanın vaxtında başlanılmış müalicəsi yalnız gözdaxili təzyiqi aşağı salan damcıların tökülməsindən ibarətdir. Xəstəliyin daha ağır hallarında isə lazer cərrahiyyəsinə və ya operativ müdaxiləyə üstünlük verilir. Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşını nəzərə alınaraq aparır. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir. Hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur.

azertag.az