“Facebook” ikinci xəbər lenti yaratmaqdan vaz keçdi
5.3.2018

“Facebook” administrasiyası sosial şəbəkədə ikinci xəbər lentinin yaradılması ilə bağlı eksperimentin dayandırıldığını açıqlayıb.

Bu barədə şirkətin bloqunda bildirilib.

“Facebook” 2017-ci ilin oktyabrından etibarən bəzi ölkələrdə sosial şəbəkənin xəbər lentinin iki yerə bölünməsini sınaqdan keçirməyə başlamışdı. Serbiya, Slovakiya, Boliviya, Qvatemala, Kamboca və Şri Lankadan olan istifadəçilərin iştiraklı ilə aparılan test çalışmasında “Facebook” əsas lentdə yalnız dostlar və yaxınların paylaşımlarını saxlayaraq əlavə paylaşımlar (KİV xəbərləri və s.) üçün “Explore” adlı ikinci lent yaradıb. Lakin istifadəçilər bu yeniliyə müsbət yanaşmayıblar və iki lentin kommunikasiyaya kömək etmədiyini deyiblər.

“İnsanlara iki ayrı lent lazım deyil. Sorğular göstərdi ki, istifadəçilər iki ayrı lentdən məmnun deyil, bu, onların dostları və yaxınları ilə ünsiyyətinə kömək etməyib. Eyni zamanda, istifadəçilər şikayətləndilər ki, vacib informasiyaları almaq onlar üçün çətinləşib və “Facebook” testin mahiyyətini kifayət qədər aydın izah etməyib”, - deyə “Facebook”un vitse-prezidenti Adam Mosseri söyləyib.

Neqativ rəylərlə əlaqədar “Facebook” sınaqlara son qoymağı qərara alıb.


lent.az