“Black snowdrops” kitabı Milli Kitabxanaya hədiyyə edilib
5.3.2018

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZIZ) direktoru Lev Spivak martın 5-də Milli Kitabxanada olub.

Milli Kitabxanadan bildirilib ki, qonaq İsraildə çap olunan azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin qurbanlarından bəhs edən “Black snowdrops” (“Qara qar damcıları”) kitabı haqqında məlumat verib. Qeyd edib ki, bu kitabın Çexiyanın paytaxtı Praqada və ABŞ-ın Texas ştatının Hyuston şəhərində təqdimatları keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov bu kimi tədbirlərin keçirilməsinin, Azərbaycan haqqında kitabların çap olunmasının ölkəmizin dünyada tanıdılmasında və təbliğində böyük rol oynadığını qeyd edib.

Daha sonra K.Tahirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının çox böyük əks-səda verdiyini və nəticədə xeyli sayda ölkələr və onların parlamentləri tərəfindən Xocalı soyqırımının tanınmasını çox vacib bir addımlardan sayaraq belə kitabların bu işdə əhəmiyyətli rol oynayacağını xüsusilə vurğulayıb.

Eyni zamanda, direktor hər iki ölkənin Milli Kitabxanaları arasında əlaqələrin yaradılması məqsədilə İsrail Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında anlaşma memorandumu layihəsinin İsrail Milli Kitabxanasına çatdırılması məqsədilə Xarici İşlər Nazirliyinə təqdim edildiyini bildirib. Memorandumun imzalanmasından sonra iki ölkənin milli kitabxanaları arasında kitab mübadilələrinin həyata keçiriləcəyinə, kitabxananın fondunun daha da zənginləşəcəyinə ümid etdiyini bildirib.

Daha sonra İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Lev Spivak müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çexiya) olan “Black snowdrops” kitabının ingilis, rus və çex dillərinə tərcümə olunmuş versiyalarını, həmçinin kitabın rus dilində audio diskini Milli Kitabxanaya hədiyyə edib.

Qonaqlara təşəkkürünü bildirən Milli Kitabxananın direktoru onlara “Azərbaycan Milli Kitabxanası. Foto albom” (Azərbaycan, rus və ingilis dillərində) kitabını verib.


azertag.az