Musiqi Mədəniyyəti Muzeyində Xalq Rəssamı Arif Hüseynovla görüş keçiriləcək
2.3.2018

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Rəssamı Arif Hüseynovla görüş keçiriləcək.

Tanınmış fırça ustası ilə “Musiqi. Təsviri incəsənət. Bahar” mövzusunda görüş Musiqi Mədəniyyəti Dövlət Muzeyində martın 7-də təşkil olunacaq.

Arif Hüseynov – Xalq Rəssamı, professor, tanınmış rəssam-miniatürçü, rəssam-qrafik və ədəbi əsərlərin illüstratorudur. Onun yaradıcılığı təkcə doğma ölkəsində deyil, xaricdə də tanınır. Arif Hüseynov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Onun Bakı, İstanbul, Moskva, Praqa və Tokioda fərdi sərgiləri keçirilib.

Ustadın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında, Moskvada Şərq Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.


azertag.az