Bakıda tanınmış caz ifaçıları geniş konsert proqramı ilə çıxış edəcək
1.3.2018

Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçıları geniş konsert proqramı ilə çıxış edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “jAzzeri Bands” caz musiqisi axşamında bəstəkar, ustad caz musiqiçi, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, beynəlxalq festival və müsabiqələrin qalibi peşəkar tarzən Şəhriyar İmanov (tar), Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və H3 Collective iştirak edəcəklər.

Konsertin xüsusi qonağı Parisdə yaşayan və Fransanın caz üzrə ən nüfuzlu təhsil ocağı Center des Musique Didier musiqi mərkəzində təhsil alan istedadlı caz ifaçısı, bəstəkar və pianoçu Etibar Əsədlidir. Gənc pianoçu Avropanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq caz festivallarda və müxtəlif layihələrin iştirakçısı olub. Hər zaman öz çıxışları və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. Azərbaycan mədəniyyəti və musiqisinin dünya dinləyicisinə çatdırılması və təbliğində əhəmiyyətli işlər görüb.

Möhtəşəm musiqi kompozisiyalarının təqdim olunacağı caz musiqisi axşamında dinləyiciləri maraqlı konsert proqramı və çoxlu sürprizlər gözləyir.

Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, İticket.az saytından onlayn, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Konsertin informasiya dəstəkçiləri arasında AZƏRTAC-da var.


azertag.az