Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
27.2.2018

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib. İmtahanın nəticələri saat 18.25-dən etibarən DİM-in saytında yerləşdirilib.

DİM-dən bildiriblər ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 12 min 387 bakalavrdan 146-sı imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə (toplanılması mümkün olan 100 baldan) 95 bal olub.

Müsabiqə şərtini ödəyən bakalavrlar II mərhələyə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar mayın 7-dən 17-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 3-də keçiriləcək.

azertag.az