Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyasının illik konfransı 2019-cu ildə Bakıda keçiriləcək
27.2.2018

Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyasının (IAEA) Tailand Krallığında yerli tərəfdaşı olan və bu ölkənin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elm və Texnologiyanın Təbliği İnstitutunun əməkdaşları üçün təşkil edilən görüşdə Azərbaycanda ölçmə-qiymətləndirmə sahəsində aparılmış uğurlu layihələrin təqdimatı keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu qurumun əməkdaşı Vəli Hüseyn tərəfindən edilən təqdimatın əsas hissəsi ölçmə-qiymətləndirmə alətlərinin hazırlanması, imtahanların təhlükəsizliyi və təşkili, həmçinin çap texnologiyasının səmərəliliyi üzrə müzakirələrdən ibarət olub.

Təqdimatda 2019-cu ildə IAEA-nın Bakıda keçiriləcək illik konfransına hazırlıq işləri haqqında məlumat verilib və təcrübə mübadiləsinin aparılması üçün ekspertlər həmin tədbirə dəvət olunublar.

azertag.az